Masallıda II Beynəlxalq Folklor Festivalı

 

İyunun 13-də ötən il “Azərbaycanın Folklor Paytaxtı” elan edilmiş Masallı şəhərində II Beynəlxalq Folklor Festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Festival ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, rayon rəsmiləri, ziyalılar, ağsaqqallar, idarə, müəssisə və təşkilatların rəhbərləri öncə ümummilli liderin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzmüşlər.

Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya (Dağıstan), Latviya, Ukrayna və Qazaxıstanı təmsil edən folklor qrupları Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı yeni meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalına start verdilər. Bütün folklor qrupları öz ölkələrinin folklor nümunələrini nümayiş etdirdilər.  Ardınca rayon Gənclər Mərkəzi istiqamətində möhtəşəm yürüş başlandı. Tədbir iştirakçıları mərkəzin qarşısında Azərbaycanın və eləcə də cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəximiz, əl işləri, rəsm qalereyaları və yerli yazarların əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Həmın gün axşam   Masallı şəhərində başdan-başa yenidən qurulmuş  Heydər Əliyev parkında müxtəlif ölkələrdən olan folklor qruplarının iştirakı ilə böyük konsert proqramı təqdim olundu. 

Beynəlxalq Folklor Festivalı 4 gün davam edəcək. İştirakçılar bu müddətdə rayonun digər ərazilərində və istirahət-turizm məkanlarında  rəngarəng çıxışlar edəcək, bölgənin görməli yerlərinə gəzintilərə çıxacaqlar.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 7.